Azərbaycan əsgəri işğalçı qüvvələri doğma torpaqlarımızdan çıxarmağa hər an hazırdır
Astara, 25 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprel döyüşlərində Silahlı Qüvvələrimizin zəfəri bütün dünyaya bəyan etdi ki, Milli Ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı qüvvələri doğma torpaqlarımızdan çıxarmağa hər an hazırdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir aprelin 24-də Astara Rayon Mədəniyyət Mərkəzində hərbi xidmətdən tərxis olunmuş gənclərlə keçirilən görüşdə səsləndirilib.
Rayon icra hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Astara rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə gənclər, müharibə veteranları, Qarabağ müharibəsi əlilləri, şəhid valideynləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Toplantıda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Astara rayon şöbəsinin rəisi, polkovnik Valeh Nəcəfov Milli Ordu sıralarında xidmət edən astaralı gənclərin Vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirdiklərini, ötən ilin Aprel döyüşlərində müstəsna qəhrəmanlıq nümunələri göstərdiklərini diqqətə çatdırıb.
Valeh Nəcəfov Aprel döyüşlərində misilsiz şücaət göstərən astaralı gənc Pəncəli Teymurovun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Rayon icra hakimiyyətinin şöbə müdiri Bəsti Əliyeva çıxışında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayaraq, Aprel döyüşləri zamanı mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən hücumun qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını və düşmənə sarsıdıcı zərbə endirildiyini bildirib.
Astara Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Pəncəli Teymurovun qardaşı Famil Teymurov, Aprel döyüşlərinin iştirakçısı Orxan Əliyev, Qarabağ müharibəsində əlil olmuş Cəmil Məmmədov, Fəxrəddin Babayev və başqaları çıxış edərək hərbi xidmətdən tərxis olunan gənclərə Vətən qarşısındakı müqəddəs borclarını layiqincə yerinə yetirdiklərinə görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə Astara Rayon Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblının iştirakı ilə konsert proqramı təqdim olunub.
Görüşün sonunda hərbi xidmətdə fərqlənən gənclərin bir qrupuna fəxri fərmanlar verilib.