Azərbaycan Gəncləri Günü münasibətilə AZƏRTAC-ın gənc əməkdaşları mükafatlandırılıb
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycanda gənclərə yüksək diqqət və qayğı göstərilir. Ölkəmizdə gənclərin inkişafı üçün hər cür şərait yaradılıb. Sevindirici haldır ki, gənclərimiz bu diqqət və qayğıdan, imkanlardan səmərəli istifadə edərək layiqli vətəndaş kimi yetişiblər və ölkəmizin ümumi inkişafına töhfələr verirlər. Məhz Azərbaycan gəncləri Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazdılar, torpaqlarımızı Ermənistanın işğalından azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər.
Bu fikirlər Azərbaycan Gəncləri Günü münasibətilə AZƏRTAC-da keçirilən onlayn tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən gənc əməkdaşlar bildiriblər ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclərə qayğı daim mühüm yer tutub. Ümummilli Liderin təşəbbüsü ilə 1997-ci ildə Azərbaycan Gəncləri Günü təsis olunub. Dahi şəxsiyyətin gənclərə qayğı siyasəti bu gün ən yüksək səviyyədə davam və inkişaf etdirilir, Azərbaycan gəncliyinin sağlam, vətənpərvər ruhda yetişməsi üçün davamlı addımlar atılır. Ölkəmizin əldə etdiyi uğurlarda vətənpərvər, milli ruhda tərbiyə almış gənc nəslin rolu böyükdür. Bu gün gənc peşəkarlar ölkə həyatının müxtəlif sahələrində mühüm mövqelər tuturlar. AZƏRTAC-da gənclərə yüksək etimad göstərilir, onlar yüksək vəzifələrə irəli çəkilirlər.
Çıxışlarda ötən il 100 illiyini qeyd edən AZƏRTAC-ın keçdiyi şərəfli yoldan danışılıb, dünyanı cənginə almış koronavirus pandemiyası, xüsusilə Vətən müharibəsi dövründə agentliyin operativ fəaliyyəti barədə danışılıb.
Gənc əməkdaşlar Azərbaycanda, eləcə də AZƏRTAC-da gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, göstərilən etimadı layiqincə doğrultmaq üçün bundan sonra da səylə çalışacaqlarını bildiriblər.
Azərbaycan Gəncləri Günü münasibətilə AZƏRTAC-ın gənc əməkdaşlarının bir qrupu 2020-ci ilin yekunlarına, pandemiya və Vətən müharibəsi dövründə səmərəli fəaliyyətinə görə agentliyin Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom, pul mükafatları və xatirə hədiyyələri ilə təltif olunub.