Azərbaycan Gəncləri Günü paytaxt rayonlarında silsilə tədbirlərlə qeyd olunub
Bakı, 1 fevral, AZƏRTAC
2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə paytaxtın Xətai, Qaradağ, Sabunçu və Xəzər rayonlarında tədbirlər təşkil olunub.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun və müvafiq rayonların gənclər və idman idarələrinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğıdan danışılıb.
BŞGİBİ-nin rəisi Raqif Abbasov Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətlər barədə məlumat verib. Bildirib ki, bu gün Azərbaycanda gənclərin fiziki və mənəvi inkişafı, onların sağlamlıqlarının təmin olunması, təhsil imkanlarının və beynəlxalq əlaqələrinin genişləndirilməsi, ölkəmizin ictimai həyatında fəallıqlarının artırılması istiqamətində mühüm tədbirlər reallaşdırılır.
Digər çıxışlarda da ölkəmizdə gənclərə yüksək diqqət və qayğı siyasətinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, məhz Ümummilli Liderin təşəbbüsü ilə 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirilib. Dahi şəxsiyyətin 1997-ci ildə imzaladığı Sərəncamla hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Hazırda ölkəmizdə gənclər siyasəti inkişafının yeni mərhələsini yaşayır.
Tədbirlərdə ictimai-siyasi fəallıqlarına görə, eləcə də təhsil, səhiyyə və idmanda fərqlənən gənclər fəxri fərman, diplom və xatirə hədiyyələri ilə təltif olunublar.
Azərbaycan Gəncləri Günü ilə əlaqədar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən paytaxtın ali təhsil müəssisələrinin tələbələri arasında boulinq yarışı da keçirilib. On komandanın qatıldığı yarışda Azərbaycan Kooperasiya, Bakı Avrasiya və Azərbaycan Texniki universitetlərinin təmsilçiləri müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Qaliblər Baş İdarə tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.