Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda beynəlxalq turnirin açılış mərasimi olub
Bakı, 13 aprel, AZƏRTAC
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnirin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov çıxış edərək idmançıları, məşqçiləri və yarış iştirakçılarını salamlayıb və atletlərə uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan güləşçiləri bir çox mötəbər yarışlarda xalqımızı yüksək əyarlı medallarla sevindirirlər. Ölkəmizdə hər il müxtəlif idman növləri, eləcə də güləş üzrə mötəbər yarışlar, beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilir.
Güləşçilərimizin Rio Olimpiadasında qazandıqları medallar Federasiyanın idmanın bu növünün inkişafı istiqamətində uğurlu fəaliyyətinin göstəricisidir.
“Qarşıda bizi mötəbər yarışlar gözləyir”, - deyən şöbə müdiri mayda keçiriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında bütün idmançılarımıza, o cümlədən güləşçilərimizə uğurlar arzulayıb.
Qeyd edilib ki, Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda yarışda 11 ölkənin idmançıları mübarizə aparırlar. Yarışda qalib olan idmançıların beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edəcəyinə inanırıq.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov diqqətə çatdırıb ki, hər il ənənəvi olaraq, ölkəmizdə mötəbər yarışlar, çempionlar yüksək səviyyədə təşkil edilir. Builki yarışda 500 idmançının iştirakı nəzərdə tutulub. Bu turnirin qalib və mükafatçıları iyunda keçiriləcək qitə birinciliklərində mübarizə apararaq ölkəmizi təmsil edəcəklər. Yunan-Roma və sərbəst güləşçilərimiz Bosniya və Herseqovinada keçiriləcək Avropa birinciliyinə qatılacaqlar.
Yarışda iştirak edən idmançılara və məşqçilərə uğurlar arzulayan Elçin Cəfərov deyib: “İnanıram ki, yeniyetmə və gənc idmançılarımız 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında Azərbaycanın güləş məktəbinin ənənələrini layiqincə davam etdirəcəklər. Aprelin 14-də yunan-Roma güləşi üzrə gənclər arasında yarışlar davam edəcək. Sonrakı iki gündə isə sərbəst güləş üzrə yeniyetmə və gənclər arasında kubok yarışları təşkil olunacaq”.
Sonra yarış açıq elan olunub, Azərbaycanın dövlət himni səsləndirilib.
Turnirdə Azərbaycan ilə yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları mübarizə aparırlar.
Yarışın birinci günündə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 122 pəhləvan gücünü sınayır.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.