İDMAN
Azərbaycan güləşçisi Hacı Əliyev Avropa çempionu olmuşdur VİDEO
Bakı, 3 aprel (AZƏRTAC). Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə 57, 61 kiloqram çəki dərəcələrində sərbəst, 53 və 60 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparmışlar.
Güləşçilərimiz yarışın ikinci gününü bir qızıl medalla başa vurmuşlar. Çempionatda 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev inamlı təsir bağışlamışdır. H.Əliyev səkkizdəbir finalda Aleksandr Semisorovu (Almaniya), dörddəbir finalda isə gürcüstanlı Beka Lomtadzeni məğlub etmişdir.
Yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptar ilə gərgin keçən qarşılaşmanı da öz xeyrinə başa vuran pəhləvanımız finala vəsiqə qazanmışdır. Finalda onun rəqibi Rusiya təmsilçisi Bekxan Qoyqereyev olmuşdur. Rəqibini üstələyən güləşçimiz Avropa çempionu adına sahib olmuşdur.