Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cənub bölgəsində 300 aztəminatlı ailəyə ərzaq bağlamaları paylayıb
Astara, 30 aprel, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən ölkəmizin digər bölgələri ilə yanaşı, cənub bölgəsində də aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılıb. Ən zəruri gündəlik ərzaq məhsullarından ibarət bağlamalar rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan siyahıya əsasən daha çox ehtiyacı olan sakinlərə və ailələrə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin cənub bölgəsinə daxil olan Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının hər birinə 50 bağlama olmaqla, ümumilikdə, 300 ərzaq bağlaması AHİK-in nümayəndələri tərəfindən ünvanlara çatdırılıb.
Astara rayonunda keçirilən humanitar aksiyada şəhərdə, Ərçivan qəsəbəsində, Suparibağ, Şahağac, Siyəkü, Pensər, Təngərüd, Səncərədi, Kakalos və Şüvi kəndlərində yaşayan, yaşı 65-dən yuxarı olanlara, tənha insanlara, aztəminatlı və digər imtiyazlı ailələrə, ümumilikdə, 50 ailəyə ərzaq bağlamaları onların yaşadıqları ünvanlarda təqdim olunub.
Bölgənin sakinləri ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə istiqamətində görülən operativ və təxirəsalınmaz tədbirlərə, sosial izolyasiya şəraitində vətəndaşlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, humanitar aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.