AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ MƏLUMATI
Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi ilə əlaqədar iyulun 26-da Həmkarlar İttifaqları Konfederasiyasında həmkarlar ittifaqları fəallarının yığıncağı keçirilmişdir.
Yığıncaqda AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev məruzə etmişdir. Çıxış edən natiqlər Konstitusiyada edilən dəyişikliklərlə əlaqədar referendumun keçirilməsini tarixi zərurətdən irəli gələn hal kimi qiymətləndirərək, onu bütünlüklə dəstəklədiklərini bildirmişlər.
Yığıncaq iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciət qəbul etmişlər.
X X X
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ
Hörmətli möhtərəm Prezident!
Müstəqil Azərbaycan Respublikasının Sizin memarı olduğunuz ilk Konstitusiyasının qəbulundan ötən dövr ərzində həyatımızın bütün sahələrində ciddi dəyişikliklər baş vermiş, demokratikləşmə prosesi daha da dərinləşmiş, respublikamız üçün böyük əhəmiyyət kəsb edən qanunlar və normativ hüquqi aktlar qəbul olunmuşdur. Respublikamızın Avropa Şurasına üzv olması ilə bağlı qoşulduğumuz Beynəlxalq Konvensiya və Müqavilələr, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları əsas qanunda - Konstitusiyada bəzi dəyişikliklərin edilməsi zərurətini yaratmışdır.
Tarixi gercəkliyi, - “Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” fərmanı 2002-ci il iyunun 22-də imzalamağınız, qanunlarımızın beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də iqtisadi və məhkəmə-hüquq islahatlarını uğurla davam etdirən respublikamızın Avropa Şurasına qəbulu zamanı öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində cəsarətli bir addım kimi qiymətləndirilməlidir.
Konstitusiyada nəzərdə tutulan dəyişikliklər - ölkəmizdə insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması, məhkəmə islahatı, seçki sisteminin təkmilləşdirilməsi, hakimiyyət orqanlarının (qanunvericilik, icra və məhkəmə) səlahiyyətləri və digər məsələlərlə bağlı nəzərdə tutulan dəyişikliklər vətəndaşlarımızın konstitusion hüquqlarının daha səmərəli həyata keçirilməsinə imkan verəcəkdir.
Hörmətli möhtərəm Prezident!
Bu gün Konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı referendumun keçirilməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Biz, milyon yarımlıq Azərbaycan Həmkarlar İttifaqları təşkilatlarının fəallar yığıncağının iştirakçıları da Konstitusiyada dəyişikliklər edilməsi üçün referendumun keçirilməsini təqdir edir və birmənalı şəkildə bəyənirik. Hesab edirik ki, bu tədbirin keçirilməsi və əsas qanuna dəyişiklik edilməsi tarixi zərurətdən irəli gələn bir addım olmaqla, konstitusiyanın təkmilləşdirilməsinə, insan azadlıqlarının və hüquqlarının etibarlı şəkildə müdafiə olunmasına xidmət edir.
Cənab Prezident!
Əminik ki, dövlətçiliyimizin möhkəmləndirilməsi və müstəqilliyimizin qorunması istiqamətində Sizin təşəbbüsünüzlə həyata keçirilən bütün tədbirlər, o cümlədən insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına təminat verən Əsas Qanunumuzda edilən dəyişikliklər ictimai həyatımızın bütün sahələrində demokratiyanın daha da inkişafına geniş imkanlar açacaqdır.
Müraciət Azərbaycan Həmkarlar İttifaqlarının
nümayəndələrinin yığıncağında qəbul olunmuşdur.