SİYASƏT
AZƏRBAYCAN HUMANİZM VƏ DEMOKRATİYA PRİNSİPLƏRİNƏ SADİQDİR
Azərbaycan Respublikası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi kimi bəyan etmişdir. Buna uyğun olaraq, respublikamızda ardıcıl demokratik islahatlar həyata keçirilmiş, milli qanunvericiliyimiz təkmilləşdirilərək insan hüquqlarının daha etibarlı müdafiəsinə yönəlmiş, həmçinin, məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanılması şəraitinin yaxşılaşdırılması məqsədi ilə mütərəqqi qanunlar qəbul edilmiş, digər məqsədyönlü tədbirlər görülmüşdür.
Bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin Sərəncamına əsasən hələ 2000-ci ildə Ədliyyə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə müvafiq Saziş imzalanmışdır.
Bu analoqu olmayan Sazişin qüvvədə olduğu ilk illik dövr ərzində komitənin nümayəndələri ənənəvi humanitar fəaliyyətlərini həyata keçirərək bir çox cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına sərbəst baş çəkmişlər.
Komitə ilə Ədliyyə Nazirliyi arasında səmərəli və işgüzar münasibətlər xüsusilə humanitar sahədə daha da güclənmiş, Komitənin nümayəndələri məhkumlarla təkbətək görüşmüş, onların problemləri ilə maraqlanaraq hesabatlar təqdim etmiş, faydalı tövsiyələr vermişlər.
Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Sazişin qüvvəsinin başa çatması ilə əlaqədar onun müddətinin uzadılması barədə razılığa gəlinmiş, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu barədə Protokolu imzalamaq səlahiyyəti ədliyyə nazirinə verilmişdir.
İyulun 18-də Ədliyyə Nazirliyində Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Sazişin müddətinin uzadılması barədə müvafiq Protokolun imzalanma mərasimi keçirilmişdir.
Protokolu imzalamış ədliyyə naziri Fikrət Məmmədov və komitənin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Floran Korna çıxış edərək, Sazişin əhəmiyyətini vurğulamışlar.
Bu protokolun imzalanması ilə dövlətimiz insan hüquqlarının müdafiəsinə xüsusi diqqətini, humanizm və demokratiya prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirmişdir.