AZƏRBAYCAN İLƏ ALMANİYANIN MÜDAFİƏ NAZİRLİKLƏRİ ARASINDA TEZLİKLƏ SAZİŞ İMZALANACAQDIR
Müdafiə naziri qonaqlara demişdir ki, Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında əlaqələr normal inkişaf edir, ölkəmiz buna xüsusi əhəmiyyət verir, hərbi sahədə əməkdaşlığımız isə yeni hadisə olacaqdır.
Səfir Klaus Qrevlix demişdir ki, son zamanlarda Almaniya-Azərbaycan münasibətləri intensiv şəkildə inkişaf etməkdədir. Siyasi təhlükəsizlik sahəsində Almaniya-Azərbaycan çoxtərəfli əməkdaşlığı bizim üçün olduqca əhəmiyyətlidir. Almaniyanın Azərbaycanla hərbi əməkdaşlıq məsələsi isə hərbi attaşemiz briqada generalı P.Şafranekin və onun müavininin şəxsində təmsil ediləcəkdir.
Briqada generalı P.Şafranek söhbətə qoşularaq görüşə gəlməyinin əsas məqsədini açıqlamış və qeyd etmişdir ki, məramımız Almaniya-Azərbaycan hərbi əməkdaşlığının təməlini qoymaqdır. Biz bu gün iki dövlətin Müdafiə nazirlikləri arasında imzalanacaq sazişin layihəsini sizə təqdim edəcəyik.
Sonra hərbi attaşe 2004-cü il üçün əməkdaşlıq planının konkret tədbirləri haqqında ölkəmizin müdafiə nazirinə ətraflı məlumat verərək qeyd etmişdir ki, ikinci məqsədimiz isə Azərbaycanda zabitlər üçün alman dili kurslarını təşkil etməkdir. Bu imkanları araşdırmaq üçün bizim nümayəndəmiz yaxın günlərdə Bakıya gələcəkdir.
General-polkovnik Səfər Əbiyev qeyd etmişdir ki, Azərbaycan və Almaniya dövlətləri arasında yeni əməkdaşlıq sahəsinin açılması və saziş layihəsinin bizim təkliflərimiz əsasında hazırlanması məni çox şad edir. Mən sizə yeni bir məlumat vermək istəyirəm. Biz yaxın zamanlarda Almaniya Federativ Respublikasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi attaşeliyini açacaq və qısa müddət ərzində hərbi attaşe haqqında məlumat təqdim edəcəyik.
General-polkovnik S.Əbiyev hərbi attaşenin Cənubi Qafqazda hərbi-siyasi vəziyyətlə bağlı sualına cavab olaraq, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, bir milyondan artıq qaçqının və məcburi köçkünün ağır şəraitdə yaşaması, zəbt olunmuş ərazilərdə külli miqdarda silah və sursatın toplanması, terrorçu və separatçı qruplara buradan silahların ötürülməsi, narkotik maddə plantasiyalarının əkilməsi, bu ərazinin narkotrafikə çevrilməsi və digər məsələlər haqqında məlumat vermişdir. O demişdir: “Bu şərait hər an döyüş əməliyyatlarının başlanmasına gətirib çıxara bilər. Ermənistanın durmadan silahlanaraq Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilənin şərtlərini pozması regionda beynəlxalq iqtisadi proqramların həyata keçirilməsinə təhlükə yaradır”.
Görüşün sonunda briqada generalı P.Şafranek general-polkovnik S.Əbiyevə Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Müdafiə nazirlikləri arasında imzalanacaq sazişin layihəsini təqdim etmişdir.