AZƏRBAYCAN İLƏ AVROPA BİRLİYİ ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANMIŞDIR
İmzalanma mərasimindən sonra mətbuat nümayəndələri üçün brifinq keçirildi.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Azərbaycanın ən çətin dövrlərində, iqtisadiyyatın böhranlı vəziyyətində ölkəmizə 400 milyon avro dəyərində yardım göstərildiyini vurğuladı, Azərbaycanla siyasi, iqtisadi və demokratik sahədə əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyini söylədi. O vurğuladı ki, hazırda Azərbaycanda olduqca sürətli iqtisadi inkişaf gedir.
Prezident İlham Əliyev Azərbaycan-Avropa Birliyi əlaqələrinin indiki mərhələsinin əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar açdığını bildirdi və dedi ki, bu əməkdaşlıq Azərbaycan üçün prioritet əhəmiyyət daşıyır. Azərbaycan enerji daşıyıcılarının nəqli ilə yanaşı, emalında, eləcə də, alternativ boru kəmərlərinin yaradılmasında da maraqlıdır.
Joze Manuel Barrozu bildirdi ki, Avropa Birliyi Azərbaycanla əməkdaşlığı təkcə enerji sahəsinə aid etmir, siyasi, iqtisadi, hüquqi və digər sahələrdə də əlaqələr uğurla inkişaf edir. Avropa Birliyinin həm Azərbaycan, həm də Ermənistanla yeni qonşuluq siyasətinə dair fəaliyyət planında ərazi bütövlüyü prinsipi öz əksini tapır və Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıyıq. Sülh əldə olunduqdan sonra Avropa Birliyi bərpa işlərində yaxından iştirak edəcəkdir.