MƏDƏNİYYƏT
AZƏRBAYCAN İLƏ AVSTRİYANIN ŞTİRİYA FEDERAL ƏYALƏTİ ARASINDA MƏDƏNİYYƏT ƏLAQƏLƏRİNİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Bakı, 24 aprel (AZƏRTAC). Aprelin 24- də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Avstriyanın Ştiriya Federal Əyaləti parlamentinin sədri Ziqfrid Şrittvizerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Belə görüşlərin Azərbaycan-Avstriya ikitərəfli əməkdaşlığının genişlənməsinə xidmət etdiyini vurğulayan Ə.Qarayev bildirmişdir ki, qarşılıqlı səfərlər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıyır.
Son illərdə Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirildiyini diqqətə çatdıran nazir bildirmişdir ki, teatr binaları, mədəniyyət ocaqları, tarixi abidələr yenidən bərpa edilir və ölkəmizin turizm potensialı daha da möhkəmləndirilir. Görülən işlərin nəticəsində cari ildə Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.
Nazir vurğulamışdır ki, bu gün respublikanın mədəniyyət ocaqlarında aparılan əsaslı təmir və yenidənqurma işlərində, onların müasir avadanlıqla təchiz olunmasında Avstriyanı təmsil edən şirkətlər yaxından iştirak edirlər.
Ştiriya Federal Əyaləti parlamentinin sədri Ziqfrid Şrittvizer demişdir: “İslam mədəniyyətinin paytaxtı Bakı şəhərində olmağımdan qürur duyuram”.
Dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri dəstəklədiklərini bildirən qonaq vurğulamışdır ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələr bundan sonra daha da genişlənəcəkdir.
Sonda tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim etmişlər.
Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov görüşdə iştirak etmişdir.