Azərbaycan ilə Belarus arasında elmi əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur
Bakı, 22 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin Belarus Respublikası Milli Elmlər Akademiyası Rəyasət Heyətinin sədri, akademik Vladimir Qusakov ilə görüşü olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirmişlər ki, görüşdə AMEA-nın prezidenti, akademik A.Əlizadə 2007-ci ildə ölkələrimizin elmlər akademiyaları arasında və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu ilə əməkdaşlıq haqqında saziş imzalandığını xatırlatmışdır. Qeyd olunmuşdur ki, ötən müddətdə birgə tədqiqatlar aparılmış, mühüm nəticələr əldə edilmişdir. Bu görüş əməkdaşlığın uğurlu davamına və birgə elmi nəticələrə zəmin yaradacaqdır.
Görüşdən məmnun qaldığını qeyd edən akademik V.Qusakov bildirmişdir ki, son illər əməkdaşlıq imkanlarının genişlənməsi nəzərə alınaraq müqavilənin yenidən işlənilməsinə ehtiyac yaranmışdır. Bunun üçün rəsmi sənədin imzalanması təklif olunmuşdur.
Qonaq elm və texnologiya sahəsində müştərək innovativ tədqiqatların inkişafı üçün digər təklifləri də formalaşdırmağın vacibliyini vurğulamışdır.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycanın ikinci peykinin kosmosa çıxarılması üzərində iş aparıldığı barədə məlumat vermiş, gələcəkdə Belarus peykinin imkanlarından elmi məqsədlərlə yararlanmağın mümkünlüyünü bildirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev informasiya texnologiyaları sahəsində Belarusun böyük təcrübəyə malik olduğunu söyləmişdir.
Görüşdə kosmik sahədə birgə elmi tədqiqatlar aparmaq istiqamətində imkanlar müzakirə olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Azərbaycanda elmin inkişafı konsepsiyası və bu sahə üzrə prioritetlərdən danışmışdır.
V.Qusakov əməkdaşlıq çərçivəsində AMEA-nın rəhbərliyini Belarusa səfərə dəvət etmişdir.