Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr uğurla inkişaf edir
Bakı, 31 oktyabr (AZƏRTAC). İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransa Parlamentinin deputatlarının, bir sıra regionlarının rəhbərlərinin, eləcə də Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş katibi Federico Kasteluçinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşmüşdür.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin uğurla davam etdiyini, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulamışdır.
Bildirilmişdir ki, Fransada Azərbaycan Evinin, Azərbaycanda fransız liseyinin açılması ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verəcəkdir. Fransa və Azərbaycanda keçirilən şərabçılıq festivalları iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətlidir. Bu yaxınlarda Gəncədə Beynəlxalq Üzüm və Şərab Festivalının keçiriləcəyini xatırladan nazir Şahin Mustafayev belə tədbirlərə marağın artdığını, sərgi, təqdimat və biznes forumların ikitərəfli əlaqələrin inkişafında müsbət rolunu qeyd etmişdir. Nazir iki ölkə arasında ticarət əlaqələrinin uğurla davam etdiyini vurğulayaraq qarşılıqlı ticarət əlaqələrində məhsulların çeşidinin artırılmasının vacibliyini diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə vurğulanmışdır.
Nazir Şahin Mustafayev Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu qeyd etmiş, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq sərmayədarlar üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırmışdır.
Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Fransa Parlamentinin senatoru Juel Qağyo-Melam ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndiyini söyləmiş, iqtisadi əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduqlarını bildirmişlər.