AZƏRBAYCAN İLƏ İNDONEZİYA ARASINDA İKİTƏRƏFLİ SAZİŞLƏR İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov indoneziyalı həmkarı Həsən Virayuda ilə görüşmüşdür.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişafından razılığını ifadə edən tərəflər əməkdaşlığı iqtisadi, humanitar, mədəni sahələrdə daha da artırmağı vacib saymış, iş adamları arasında birbaşa təmasların yaranması üçün biznes-forumun keçirilməsini yüksək qiymətləndirmişlər.
Azərbaycanın xarici siyasət idarəsinin başçısı E.Məmmədyarov İndoneziyanın dünyada, xüsusilə islam aləmində nüfuzunu vurğulayaraq, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə tutduğu mövqeyi, BMT Baş Məclisində qəbul olunmuş “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət”lə bağlı qətnaməyə dəstəyini yüksək qiymətləndirmişdir.
Görüşdə nazirliklərarası məsləhətləşmələrin gücləndirilməsi, diplomatik akademiyalar arasında əməkdaşlıq, qeyri-neft sektorunun inkişafı istiqamətində birgə səylərin artırılması məsələlərinə də toxunulmuşdur. Üç azərbaycanlı tələbənin İndoneziyada təhsil alması barəsində razılıq əldə edilmiş və İndoneziya diplomatlarının Azərbaycan Diplomatik Akademiyasında təhsil alması təklif olunmuşdur.
Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin vizadan azad olmaları haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.
Mətbuat konfransında İndoneziyanın xarici işlər naziri H.Virayuda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin ölkəsi tərəfindən birmənalı olaraq dəstəkləndiyini qeyd etmişdir.
######
