AZƏRBAYCAN İLƏ İRAN İDMAN TƏHSİLİ SAHƏSİNDƏ SIX ƏMƏKDAŞLIQ EDƏCƏKLƏR
İran Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətləri yaxından öyrənərək faydalanmaq niyyətindədir. AZƏRTAC xəbər verir ki, Təbriz Universitetinin İdman və Bədən Tərbiyəsi Assosiasiyası idman elmləri fakültəsinin 4 nəfərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri zamanı bu mövzu geniş müzakirə olunmuşdur.
Sentyabrın 18-də iranlı qonaqlar günün birinci yarısında Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirələrini anmış, məzarları üzərinə gül dəstələri qoymuşlar.
Oradan Şəhidlər xiyabanına gedən iranlı qonaqlar, Vətən uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Azərbaycan oğullarının xatirəsini yad etmişlər.
Azərbaycan ilə İranın idman sahəsində əlaqələrinin tələbə, müəllim, professor heyətinin qarşılıqlı təcrübə mübadiləsində əksini tapmasını istərdik.
Bunu AZƏRTAC-ın müxbirinə Təbriz Universitetinin idman və bədən tərbiyəsi fakültəsinin professor-assistenti Vahid Sarı söyləmişdir. Qonaq demişdir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) bunun üçün geniş imkanlar vardır.
İranlı qonaqlar bu mövzu ətrafında ADBTİA-da və Milli Olimpiya Komitəsində məhsuldar görüşlərin keçirildiyini söyləmişlər.
Günün ikinci yarısında isə iranlı qonaqlar gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovla görüşmüşlər. Görüşdə əməkdaşlığın gələcək perspektivləri istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiklərini deyən Vahid Sarı ölkəmizdə keçirdiyi görüşlərin onda xoş təəssürat oyatdığını söyləmişdir. Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən qonaq, bu səfərin Azərbaycan ilə İran arasında idman və idman təhsili sahəsində əməkdaşlığa təkan verəcəyinə əmin olduğunu vurğulamışdır.
İranlı qonaqlar Azərbaycana səfərləri çərçivəsində bir sıra idman obyektləri ilə, o cümlədən Bakı Olimpiya Kompleksi, “ABU Arena” ilə tanış olmuşlar.