MƏDƏNİYYƏT
AZƏRBAYCAN İLƏ SENEQAL ARASINDA HUMANİTAR ƏMƏKDAŞLIĞIN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 12 noyabr (Azər TAc). Noyabrın 12-də Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Konfransı Təşkilatının 40 illik yubiley tədbirləri çərçivəsində Bakıda səfərdə olan Seneqal Respublikasının mədəniyyət, frankofoniya və milli dillər naziri Serin Mdu Busso Leyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Tədbirdə ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır. Ə.Qarayev 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar həyata keçirilən çoxsaylı tədbirlərin İslam Konfransı Təşkilatı çərçivəsində mədəni əlaqələrimizin inkişafına layiqli töhfələr verdiyini vurğulamışdır.
Nazir Azərbaycanın Seneqalla mədəni əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret təkliflərini bildirmiş, Seneqalın mədəniyyət nazirini dekabr ayında paytaxtımızda keçiriləcək “Bakı - İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin bağlanış mərasiminə dəvət etmişdir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunmuşdur.