Azərbaycan ilə Uruqvay arasında aqrar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan ilə Uruqvay arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, kənd təsərrüfatı naziri İnam Kərimov Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir İnam Kərimov son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə geniş məlumat verib. İnam Kərimov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdıraraq, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə danışıb. Azərbaycan və Uruqvay arasında aqrar ticarət sahəsində böyük potensialın olduğunu deyən nazir bu istiqamətdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ölkəsində Azərbaycanla bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq niyyətində olduqlarını bildirib.
Qonaq iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini deyib.