Azərbaycan ilə Venesuela arasında turizm təhsili sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub




Bakı, 15 aprel, AZƏRTAC
Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, rektor İlham Mədətov ilə keçirilən görüşdə iki ölkə arasında turizm təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, elmi məsələlər üzrə prorektor İranə Əliyeva və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova səfirə universitetin beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat veriblər. Həmçinin Venesuela ilə Azərbaycan arasında akademik və mədəni sahədə əlaqələrin inkişafı istiqamətində atılacaq addımların əhəmiyyəti vurğulanıb. Tərəflər arasında keçirilən müzakirələrdə tələbə və müəllim mübadiləsi, ikitərəfli akademik təşəbbüslər, birgə seminar və konfransların təşkili, eləcə də davamlı turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfir Kristofer Alberto Martinez Berroteran ATMU-nun fəaliyyətinə və beynəlxalq təcrübəsinə yüksək qiymət verərək, Venesuela ilə Azərbaycan arasında təhsil və mədəni sahədə əlaqələrin genişləndirilməsi üçün yeni imkanların yaranacağına inandığını bildirib. Venesuela ilə Azərbaycan arasında dostluq münasibətlərinin təhsil və turizm sahəsində yeni müstəviyə keçməsi baxımından mühüm bir addım kimi qiymətləndirilib.