Azərbaycan “İmmunitet estafeti” aksiyasına qoşulub
Moskva, 30 aprel, AZƏRTAC
Hazırda bütün dünya koronavirus pandemiyasından əziyyət çəkir. Bildiyimiz kimi, Azərbaycan koronavirus pandemiyasına qarşı əksər dövlətlərdən daha çevik addımlar atdı. Həmçinin dövlətimiz koronavirus pandemiyasına qarşı mübarizədə dünyada öz fəal rolunu oynayır. Eyni zamanda, Azərbaycanda vətəndaş cəmiyyəti də əhali arasında maarifləndirmə və yardım kampaniyası həyata keçirir. Koronavirusa qarşı mübarizədə artıq bu fəaliyyətlər ölkələrarası həmrəylik olaraq beynəlxalq müstəviyə çıxıb.
Rusiyanın məşhur “Rus Velikaya” Beynəlxalq Fondunun vitse-prezidenti, soydaşımız Səadət Qarayeva AZƏRTAC-a bildirib ki, fondun üzvləri böyük bir kollektivlə “İmmunitet estafeti” aksiyası çərçivəsində yerli əhaliyə immuniteti gücləndirən məhsullar paylayırlar. “Məqsəd xüsusilə 65 yaşından yuxarı ehtiyacı olan insanları evlərində vitaminlərlə zəngin məhsullarla təmin etməkdir. Rusiya daxilində 9 şəhərdə həyata keçirilən xeyirxah niyyətli bu aksiyaya Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının kuratorluğu ilə Azərbaycan da qoşulub. Bu xeyriyyə kampaniyası çərçivəsində QHT-lər tərəfindən respublika ərazisində karantin rejimi günlərində ehtiyacı olan yaşlı insanlara vitaminli ərzaq yardımları verilib və bu fəaliyyət davam edir”, - deyə S.Qarayeva bildirib.
Hazırda kampaniyaya 22 QHT qoşulub və kampaniyaya qoşulanların sayı gündən-günə artır.
Onu da əlavə edək ki, bu xeyriyyə kampaniyasının estafetini Azərbaycan tərəfindən qəbul edilməsi xəbəri Rusiya mediasının gündəmində olub. Rusiyanın müxtəlif saytlarında Azərbaycandakı vətəndaş cəmiyyətinin keçirdiyi yardım kampaniyası haqqında məlumatlar yer alıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva