AZƏRBAYCAN İQTİSADİ İNKİŞAF SÜRƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR
AZƏRTAC xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyi (İİN) mayın 1-də “Excelsior” mehmanxanasında “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda elmi-praktiki konfrans keçirmişdir.
Nazir Heydər Babayev ümummilli lider Heydər Əliyevin ölkədə sahibkarlığın inkişafı istiqamətində gördüyü işlər barədə geniş məlumat vermişdir.
H.Babayev bildirmişdir ki, ulu öndərin rəhbərliyi dövründə sahibkarlığın inkişafını şərtləndirən əsas amillərdən olan infrastrukturun formalaşdırılması sahəsində mühüm işlər görülmüş, sahibkarlara zəruri texniki yardım - məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar yaradılmışdır.
Nazir demişdir ki, ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanmış, onlarla görüşlər keçirmişdir. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Nazir sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi imzalanmış fərman və sərəncamları xatırlatmış, bu sənədlərin ölkədə özəl sektorun inkişafında yeni mərhələnin əsasını qoyduğunu vurğulamışdır.
Azərbaycan iqtisadi inkişaf sürətinə görə regionda liderdir və artıq dünya dövlətləri ölkəmizlə hesablaşır,- deyən Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə ümummilli liderin iqtisadiyyatın inkişafında böyük xidmətlərindən danışmışdır. Xatırlatmışdır ki, ulu öndər Heydər Əliyev ölkəmizdə ardıcıl radikal islahatlar həyata keçirmişdir.
Azərbaycan hökuməti qeyri-neft sektorunu daim diqqət mərkəzində saxlayır, - deyən akademik vurğulamışdır ki, hazırda İİN digər nazirliklərlə birgə sənayenin inkişafı proqramını hazırlayır.
Prezidentin İcra Aparatının iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov sahibkarlığın inkişafı ilə bağlı imzalanmış fərman və sərəncamlar haqqında ətraflı məlumat vermişdir.
Sahənin inkişafında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolunu yüksək qiymətləndirən M.Rəhimov bildirmişdir ki, ulu öndər tərəfindən 1996-cı il iyunun 17-də imzalanmış “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərmanın təsdiqindən bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür. İqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmış, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısı alınmış, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər həyata keçirilmişdir.
Çıxış edən sahibkarlar onlara göstərilən dövlət qayğısından razılıq etmiş, ölkəmizin iqtisadi qüdrətinin artırılması üçün səylərini əsirgəməyəcəklərini bildirmişlər.