AZƏRBAYCAN İQTİSADİ İNKİŞAFINA GÖRƏ MDB-DƏ BİRİNCİ YERDƏDİR
AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov mayın 13-də Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə qonağı Milli Məclisin sədri Oqtay Əsədov, müavini Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər qarşıladılar.
Rusiyalı qonaqlar Milli Məclisin iclas salonu, parlamentin binasındakı Heydər Əliyev Xatirə salonu ilə tanış oldular. Boris Qrızlov Xatirə kitabına ürək sözlərini yazdı.
Sonra Oqtay Əsədov və Boris Qrızlov arasında təkbətək görüş oldu.
Daha sonra görüş geniş tərkibdə davam etdirildi.
Oqtay Əsədov dedi ki, ölkələrimiz arasında olan tarixi əlaqələr Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni müstəvidə inkişaf etməyə başlamışdır. İki ölkənin dövlət başçılarının səyləri nəticəsində Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Parlamentlərarası əlaqələri də yüksək qiymətləndirən Oqtay Əsədov bu işdə parlamentlərarası dostluq qruplarının və birgə komissiyanın rolunu xüsusi vurğuladı. İqtisadi sahədəki əməkdaşlığa toxunan Milli Məclisin sədri bildirdi ki, bu gün Azərbaycanda Rusiyanın 400-ə yaxın şirkət və müəssisəsi təmsil olunmuşdur. Onlardan 174-ü birgə müəssisədir, 91-i xalis Rusiya kapitalı ilə işləyir, qalanları isə filial və ya nümayəndəlikdir. Ötən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1,5 milyard ABŞ dolları təşkil etmişdir. Bu il, eləcə də qarşıdakı illərdə bunun da artırılması üçün potensial imkanlar vardır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan, O.Əsədov Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlıq etdi, Minsk qrupunun həmsədri kimi problemin həllində Rusiyanın öz səylərini artıracağına ümidvar olduğunu söylədi.
Yenidən Azərbaycanda olmasından məmnunluğunu bildirən Boris Qrızlov ölkəmizdə müşahidə etdiyi inkişafı yüksək qiymətləndirdi. Dövlət Dumasının sədri Azərbaycanın iqtisadi inkişaf sürətinə görə MDB ölkələri sırasında birinci yerdə olduğunu bildirdi. Qonaq dedi ki, Rusiya Federasiyasının yeni Prezidenti və Baş naziri Azərbaycan ilə əlaqələrn inkişafında maraqlıdırlar. Rusiya hökuməti cari ildə qarşılıqlı ticarət dövriyyəsinin 2 milyard dollara, 2010-cu ildə isə 4 milyard dollara çatdırılmasını qarşıya məqsəd qoymuşdur. Moskva Rusiya-İran dəmir yolu xətti çəkmək niyyətindədir. Bu yolun müəyyən hissəsi Azərbaycan ərazisindən keçəcəkdir. Hazırda bununla bağlı konsorsium yaradılması üzərində iş gedir. Bu yolun istifadəyə verilməsi ticarət dövriyyəsinin daha da artmasına imkan yaradacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, Boris Qrızlov vurğuladı ki, Rusiya bu problemin sülh yolu ilə həllinə tərəfdardır.
Milli Məclis sədrinin müavinləri Valeh Ələsgərov və Bahar Muradovanın və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin də iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
######
