“Azərbaycan” jurnalının yeni nömrəsində...
Bakı, 23 mart, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) aylıq-ədəbi orqanı olan “Azərbaycan” jurnalının yeni, 3-cü nömrəsi çapdan çıxıb. Jurnalın yeni nömrəsində ilk xüsusi rubrika Xalq Yazıçısı Anarın 80 illik yubileyinə həsr olunub.
AYB-dən AZƏRTAC-a bildirilib ki, burada İmdat Avşarın “Anar haqqında düşüncələr”, Tofiq Məliklinin “Nələr etmədik bu Vətən üçün”, Rüstəm Kamalın “Tənha qəhrəman” məqalələri və yazıçının “Molla Nəsrəddin- 66”, “Dantenin yubileyi”, “Keçən ilin son gecəsi” əsərlərindən seçmələr, “Gecə düşüncələri”ndən sitatlar yer alıb.
“Poeziya” bölməsində Şəfəq Sahibli, Şövkət Zərin, Sənəm Səbayel, Gülnarə Sadiq, Təranə Vahid, Nəzakət Məmmədli, Əfsanə Rəvan, Firəngiz Sabirqızı və Ramiz Duyğunun şeirləri çap olunub.
“Nəsr” bölməsində Mustafa Çəmənli “Səhnə fədaisi” sənədli povesti, Zemfira Məhərrəmli “Sevgimi neylədin, Daşaltı dərəsi?”, Mənsurə Qaçayqızı “Səs” yazıları ilə çıxış edib.
Şair Əşrəf Veysəllinin 80 yaşına həsr olunmuş xüsusi rubrikada onun şeirləri verilib.
Digər bölmələrdə Vaqif Yusiflinin “Poeziya…Poeziya”, Gülgün Əliyevanın “Klassik türkmən poeziyasında Nəsimi obrazı”, Şahin Fazilin “Mir Həmzə Seyid Nigari”, İsrafil İsrafilovun “Teatr sənətinin “əzəl mübtəlası”, Alxan Bayramoğlunun “Abdulla bəy Divanbəyoğlunun bədii nəsri”, İlham Qəhrəmanın “Tapmaca sehri” məqalələri yer alıb.
Jurnalın “Kitablar, rəylər” bölməsindəki “Eşqin cazibəsi” adlı yazıda Ələddin Əzimli Mənzərə Sadıqovanın “Qadınlar və kişilər” kitabından söz açıb. Ənənəvi olaraq ən son nəşrlər haqqında məlumatlar da bu bölmədə verilib.