Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
Bakı, 8 iyun, AZƏRTAC
Bülbülün Memorial Muzeyində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, öz şeirlərindəki saflıq, romantik əhval, yüksək həyat eşqi ilə seçilən Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş "Azərbaycan ədəbiyyatının Müşfiq zirvəsi" adlı tədbir olub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir Bülbülün Memorial Muzeyi və "Gənclərin töhfəsi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş tədbirdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, "Gənclərin töhfəsi" İctimai Birliyi sədrinin I müavini Murad Həsənxanlı, Akademiyanın tələbəsi, layihə rəhbəri Ayşən Zeynalova şairin həyat və yaradıcılığı ilə bağlı çıxış ediblər.
Tədbirdə Mikayıl Müşfiqin şeirləri, onun sözlərinə yazılmış mahnılar səsləndirilib.
Bakı Musiqi Akademiyasının tələbələri, Bülbül Vokal Məktəbinin məzunları Aytac Nəsibova və Fidan Sultanova "Yaşa könül", "Sənin gülüşlərin" mahnılarını ifa ediblər.
Azərbaycan Milli Konservatoriyasının tələbəsi Vüsal Məmmədov tarda "Yenə o bağ olaydı", "Oxu tar" əsərlərini təqdim edib.