Azərbaycan könüllüləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Ulu öndər və könüllülük dəyərləri” mövzusunda görüş keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, görüş ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Milli Məclisin deputatı, tarix elmləri doktoru professor Musa Qasımlı, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, deputat Şahin Seyidzadə, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov və 400-dən çox gənc iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında hər zaman qurucu və xilaskar dövlət xadimi kimi yaşayacaq. Natiqlər Ulu Öndərin ölkəmizi bütün bəlalardan xilas edərək dinamik inkişaf yoluna çıxarmasından, Azərbaycanın əbədiyaşar liderinin layiqli siyasi varisi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı hərbi-siyasi qələbəsindən danışıblar. Bildirilib ki, bu qələbənin bünövrəsi məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti əsasında formalaşdırılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətli addımları ilə Azərbaycan xalqını Qarabağa qovuşduraraq ata vəsiyyətini də yerinə yetirib.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin müxtəlif sahələrində başlayan inkişaf könüllülük sahəsində də öz sözünü deyib. Onun hakimiyyəti dövründə həmrəylik və sosial məsuliyyət ali dəyərlər kimi sistemləşdirilərək könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişinə gətirib çıxarıb. Müdrik rəhbərin idarəçiliyinin ilk illərində hərtərəfli inkişaf məqsədilə bu sahədə əməkdaşlıq diqqət mərkəzində olub. Beləliklə, 1998-ci ildə BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramı ilə birgə layihəsi nəticəsində artıq XXI əsrin əvvəllərində ölkədə güclü könüllü komandası formalaşdı və könüllülük dəyərlərinin geniş təbliğinə imkan yarandı. Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə könüllülük fəaliyyətinin cəmiyyətimizdəki dəyəri və önəmi bir daha təsdiqini tapdı.
Görüşün sonunda könüllülər memarı ulu öndər Heydər Əliyev olan müasir müstəqil Azərbaycanın azad gəncləri olduqları ilə iftixar hissi keçirdiklərini qeyd edib, hər zaman ölkəmizin inkişafı üçün çalışacaqlarını və onun əziz xatirəsini yüksək tutacaqlarını bildiriblər.