“Azərbaycan Könüllülük Xidməti”nin növbəti seminarı Gəncədə keçirilib
Bakı, 7 sentyabr, AZƏRTAC
2016-cı il üzrə “Avropa Gənclər Paytaxtı” seçilmiş Gəncədə region gəncləri üçün “Avropada könüllü ol!” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar “Azərbaycan Könüllülük Xidməti” proqramı çərçivəsində Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və “Gəncə Avropa Gənclər Paytaxtı - 2016” İctimai Birliyinin dəstəyi ilə reallaşıb.
Seminarda “Avropa Könüllülük Xidməti” və onun ölkəmizdəki modeli olan “Azərbaycan Könüllülük Xidməti” haqqında təqdimatlar olub. Təqdimatlarda “Avropa Könüllülük Xidməti” üstünlükləri haqqında gənclərə ətraflı məlumat verilib.
“Avropa Könüllülük Xidməti” gənclərin digər ölkələrdə könüllülük fəaliyyətini təşkil edən beynəlxalq proqramdır. ARGTMŞ 2013-cü ildə “Avropa Könüllülük Xidməti” proqramı üzrə akkreditasiya sertifikatını əldə edib və gənclərin beynəlxalq könüllülük proqramlarında iştirakını təmin edir. Həmin ildən ARGTMŞ tərəfindən “Avropa Könüllülük Xidməti”nin Azərbaycan modeli olan “Azərbaycan Könüllülük Xidməti” proqramı fəaliyyət göstərir.
“Avropa Gənclər Paytaxtı” titulu qitənin ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu tərəfindən 2009-cu ildə təsis olunub. Hər il təşkilat tərəfindən “Avropa Gənclər Paytaxtı” seçilən bir şəhər il ərzində Avropanın bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edir.
Ötən il Yunanıstanın Soloniki şəhərində keçirilən təntənəli tədbirdə Gəncə 2016-cı il üzrə “Avropa Gənclər Paytaxtı” seçilib.