AZƏRBAYCAN KULİNARLARININ QƏLƏBƏSİ
Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbiri mərkəzin direktoru Tahir Əmiraslanov açaraq kulinarlarımızın Festivalda iştirakı və qazandıqları nəticələr barədə məlumat vermişdir. O bildirmişdir ki, 9 nəfərdən ibarət milli komandamız yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər. Azərbaycan, Türkiyə, Rusiya, Moldova, Gürcüstan, Yaponiya, Ukrayna və Yunanıstanın iştirakı ilə keçirilən yarışmalarda ümumi nəticəyə görə komandamız Festivalın Qran-Prisini qazanmışdır. Ukrayna gümüş, Yunanıstan komandası bürünc medala layiq görülmüşlər.
Vurğulanmışdır ki, yekun tədbirdə Azərbaycan komandasının rəhbəri və məşqçisi Aynurə Əmiraslanovaya Ukrayna Kulinariya Assosiasiyasının (UKA) hakimlik diplomu təqdim olunmuşdur. Həmyerlimiz Ukraynada hakimlik diplomu alan ilk xarici mütəxəssisdir.
Mərkəzin direktoru T.Əmiraslanov isə Ukrayna mətbəx mədəniyyəti qarşısında xüsusi xidmətlərinə görə UKA-nın I dərəcəli peşəkarlıq medalını almışdır. O, bu mükafata layiq görülmüş ilk xarici vətəndaşdır. Ümumilikdə isə 2006-cı il Milli Kulinariya Mərkəzinin həyatında ən uğurlu illərdən hesab oluna bilər. Belə ki, kulinarlarımız istər bu festivalda, istərsə də Moldovada, Yekaterinburqda, Moskvada keçirilən beynəlxalq yarışlarda yüksək mükafatların sahibi olmuşlar.
Tədbirdə jurnalistlərin çoxsaylı sualları cavablandırılmışdır.