AZƏRBAYCAN-LATVİYA BİZNES FORUMU
Forum iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevi və Latviya Prezidenti Vayra Vike-Freyberqanı hərarətlə qarşıladılar.
Tədbiri Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin direktoru Andris Ozols açaraq, dövlət başçılarını salamladı. Forumda hər iki tərəfdən 100-ə qədər iş adamının iştirak etdiyini bildirərək dedi ki, əsas məqsəd sahibkarlar arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli əməkdaşlığın yaradılması və mövcud iqtisadi potensialdan yararlanaraq, ticarət dövriyyəsini hər iki ölkəni qane edən səviyyəyə çatdırmaqdır.
Sonra Prezident Vayra Vike-Freyberqa çıxış edərək dedi ki, keçən il Latviyadan Azərbaycana ixrac 35 faiz, Azərbaycandan idxal olunan məhsulların həcmi isə 3 dəfə artmışdır. Bununla belə, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi azdır və bu istiqamətdə mövcud potensialdan tam şəkildə istifadə edilməsi vacibdir. Biz ümid edirik ki, müsbət meyillər davam edəcək, ticarət dövriyyəsinin artımı sahəsində əsaslı dönüş yaranacaqdır. Xanım Vayra Vike-Freyberqa Avropa Birliyinin üzvü kimi Latviyanın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, neft ölkəsi kimi tanınan Azərbaycanın iştirakı ilə Cənubi Qafqaz regionunda gedən iqtisadi proseslərin çox məmnunedici olduğunu bildirdi. O dedi ki, Latviyanın enerji resurslarının azlığı ölkə iqtisadiyyatının sürətli inkişafına mane olur və inflyasiyanı gücləndirir. Avropada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan mühüm rol oynaya bilər və biz enerji layihələrinin həyata keçirilməsini bir daha dəstəkləyirik.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev forumda çıxış edərək, iş adamlarının iştirakı ilə keçirilən belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələri üzrə aparılan islahatlardan, ölkəmizdə xarici sərmayədarlar üçün yaradılan əlverişli şəraitdən danışdı. Prezident İlham Əliyev dedi ki, son on ildə Azərbaycana 30 milyard ABŞ dolları həcmində xarici sərmayənin qoyulması bunun bariz nümunəsidir. Hazırda Azərbaycan adambaşına düşən xarici sərmayənin həcminə görə dünyada lider ölkələr sırasındadır. Prezident İlham Əliyev ölkəmizin iştirakı ilə həyata keçirilən regional və beynəlxalq layihələrin əhəmiyyətindən, Azərbaycanın uğurlu neft strategiyasından da danışdı, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini vurğuladı. Dünya enerji bazarında vəziyyətin dəyişdiyini bildirən dövlətimizin başçısı dedi ki, Azərbaycan potensial enerji imkanları ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Avropa Birliyinə kömək etməyə hazırdır.
Azərbaycanı daim dəstəklədiyinə görə Latviya Prezidenti Vayra Vike-Freyberqaya təşəkkürünü bildirən Prezident İlham Əliyev iş adamları arasında əlaqələrin genişləndirilməsi baxımından indiki forumun səmərəli olacağını vurğuladı və iştirakçılara uğurlar arzuladı.