“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində ədəbiyyatın inkişafına dair təkliflər irəli sürülüb
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyat məsələlərinə aid tədbir təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri doktoru, dosent Mehman Həsənli “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının tarixi əhəmiyyətindən söz açıb. O, Mədəniyyət Nazirliyi ilə Ədəbiyyat İnstitutunun birgə layihələrinin hazırlanması və həyata keçirilməsinin Azərbaycan ədəbiyyatının inkişafı və təbliği baxımından əhəmiyyətli olacağını vurğulayıb.
Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı sektorunun müdiri Xəyal Məmmədov Azərbaycan ədəbiyyatının müasir inkişaf tendensiyalarının öyrənilməsi və dünya ədəbiyyatına inteqrasiyasının “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əsas istiqamətlərinə uyğun gəldiyini söyləyib. Bu məsələlərin həyata keçirilməsi üçün ədəbiyyatşünas alimlərlə müzakirənin əhəmiyyətli olacağını bildirib. Verilən təkliflər əsasında bir sıra layihələrin gerçəkləşəcəyinə ümid etdiyini vurğulayıb.
Müzakirədə Ədəbiyyat İnstitutunun əməkdaşları və AMEA Rəyasət Heyətinin nümayəndələri müxtəlif təkliflərlə çıxış ediblər.
Qeyd edək ki, tədbirdə ədəbiyyatla bağlı aparılan müzakirələr Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının tələblərinə uyğun olaraq həyata keçirilib.