İQTİSADİYYAT
Azərbaycan mənbəyindən əldə edilən daşınan və daşınmaz əmlakdan 14 faiz vergi tutulur
Bakı, 9 sentyabr, AZƏRTAC
Vergi Məcəlləsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royalitidə gəlir Azərbaycan mənbəyindən əldə edilibsə, ödəmə mənbəyindən 14 faiz dərəcə ilə vergi tutulur.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Kamal Novruzovun sözlərinə görə, icarə haqqı vergiödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən Vergi Məcəlləsinə əsasən, 14 faiz dərəcə ilə vergini özü ödəyir və vergi uçotuna alınıb bəyannamə verir: “Təsərrüfat subyekti dedikdə fiziki və hüquqi şəxsin xüsusi mülkiyyətində, balansında olan əmlakı və ya obyekti başa düşülür. İcarə münasibətləri icarəyə verən və icarəyə götürən arasında yaranan bir mülki münasibətdir. Bu münasibətlərin tənzimlənməsi üçün öz əmlakını (obyektini) icarəyə verən fiziki və ya hüquqi şəxslə obyekti icarəyə götürən fiziki və ya hüquqi şəxslər iştirak edir. Belə münasibətin reallaşması üçün tərəflər arasında icarə müqaviləsi bağlanılır və notarial qaydada təsdiq olunur”.
K.Novruzov qeyd edib ki, icarə müqaviləsinin bağlanması üçün obyektin çıxarışının olması şərtdir. İcarə münasibətləri tərəflər arasında reallaşarkən bazar qiymətlərinin nəzərə alınması daha məqsədəuyğun olardı. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.
Hüquqşünas əlavə edib ki, növbəti mərhələ isə ödəmə mənbəyində icarə haqlarından verginin tutulması prosesidir. Bu proses zamanı isə daşınan və daşınmaz əmlak üçün icarə haqqından 14 faiz dərəcə ilə vergi tutulur.