AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ İLLİK ÜMUMİ YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Foyedə akademiyanın ayrı-ayrı institutlarının elmi işlərinin nəticələrini əks etdirən sərgi təşkil olunmuşdu.
Yığıncaqda, öncə, hesabat dövründə dünyasını dəyişmiş alimlərin xatirəsi yad edilmişdir.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov hesabat məruzəsi ilə çıxış edərək, akademiyanın illik fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
M.Kərimov xalqımızın dahi oğlu, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin elmimizin inkişafına daim böyük önəm verdiyini, ulu öndərimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmiş, dövlətimizin başçısının akademiya ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətini vurğulamışdır.
Nəzərə çarpdırılmışdır ki, Azərbaycan Prezidentinin 2005-ci il 14 dekabr tarixli Sərəncamı ilə AMEA-nın 4 əməkdaşı “İstiqlal”, 17 əməkdaşı “Şöhrət” ordeni, 37 -si isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Bir qrup alimə fəxri adlar və mükafatlar verilmişdir. Bütün bunlar elmin inkişafına və alimlərə göstərilən böyük diqqətin əyani təzahürüdür.
Məruzədə bildirilmişdir ki, 2005-ci ildə AMEA ölkədə aparılan irimiqyaslı islahatların elmi bazasını möhkəmləndirmək, mövcud elmi-texniki potensialı qoruyub saxlamaq və inkişaf etdirmək üçün elmi və elmi-təşkilati tədbirlər həyata keçirmişdir. Akademiyanın elmi idarələrində 159 problem üzrə 488 mövzuda tədqiqatlar aparılmış və 140-dan artıq elmi nəticə alınmışdır. 71 elmi tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədbirlər həyata keçirilmiş, bu işlərin 42–nin tətbiqi başa çatmışdır. 350-dən çox kitab nəşr olunmuş, 4800–dək məqalə (onlardan 900-dən çoxu xaricdə) dərc edilmişdir. 50–dək patent, müxtəlif fond və qurumlardan 70-ə qədər qrant alınmışdır.
X X X
M.Kərimov fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, Yer elmləri, biologiya elmləri, humanitar və ictimai elmlər sahəsində nəzəri və praktik əhəmiyyətə malik mühüm elmi nəticələri diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, il ərzində 2006–2008–ci illərdə respublikamızın bütün elmi idarələrində və ali məktəblərində aparılacaq elmi tədqiqat işlərinin planları müzakirə olunmuş və Əlaqələndirmə Şurasına təqdim edilmişdir.
Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən, ümumi tirajı 6,5 milyon olan 148 adda 262 əsər latın qrafikası ilə yenidən çap olunmuşdur. Akademiyada “Gənclərin İntellektual İnkişaf Mərkəzi” yaradılmışdır.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın muğam sənətinin öyrənilməsi və inkişafı ilə bağlı təşəbbüsü əsasında “Milli Tədbirlər Planı” hazırlanmışdır.
AMEA-nın beynəlxalq əlaqələri də genişlənmiş, alimlərimiz NATO, YUNESKO və s. təşkilatların qrant müsabiqələrində iştirak etmişlər.
Akademiyanın prezidenti Azərbaycan elminin qarşısında duran vəzifələrdən də danışmışdır.
Müzakirələrdə akademiklər Akif Hacıyev, Məhərrəm Məmmədyarov, Telman Əliyev, AMEA-nın müxbir üzvləri Abel Məhərrəmov, Ramiz Məmmədov və başqaları çıxış etmişlər.
AMEA-nın illik fəaliyyəti qənaətbəxş sayılmışdır.