İDMAN
Azərbaycan millisinin baş məşqçisi: Elit-raunda vəsiqə qazanmaq istəyirik
Bakı, 11 noyabr, AZƏRTAC
“Noyabrın 6-da Bakıda təlim-məşq toplanışına başlamışıq. Dünəndən isə Moldovada hazırlıq keçirik. Məşqlər plan üzrə baş tutur”.
AZƏRTAC xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarla bağlı AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
Rəqibləri dəyərləndirən mütəxəssis İrlandiya yığmasının qrupun favoriti olduğunu bildirib: “Buna baxmayaraq, qrupda ilk iki yerdən birini tutaraq, elit-raunda vəsiqə qazanmaq istəyirik. Düzdür, rəqiblərimiz güclü komandalardır. Ancaq bura elə-belə gəlməmişik. Məqsədimiz evə uğurlu nəticə ilə - elit-raunda yüksələrək qayıtmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda yer alan U-19 noyabrın 13-də İslandiya, 16-da İrlandiya və 19-da Moldova yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Moldovanın paytaxtı Kişineuda təşkil olunacaq.