İDMAN
Azərbaycan millisinin Qazaxıstanda qatılacağı beynəlxalq turnirin iştirakçılarının siyahısında dəyişiklik olmuşdur
Bakı, 21 iyun (AZƏRTAC). Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qazaxıstanda qatılacağı beynəlxalq turnirin iştirakçılarının siyahısında dəyişiklik olmuşdur.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın tələbələr yığması iyunun 24-də Pavlodarda start götürəcək Nursultan Nazarbayevin şərəfinə həsr olunmuş yarışa gələ bilməyəcəkdir. Buna səbəb amerikalıların səfərlə bağlı sənədlərinin qaydasında olmamasıdır.
Beləliklə, turnirdə 6 komanda mübarizə aparacaqdır. Bunlar baş məşqçi Faiq Qarayevin yetirmələri ilə yanaşı, Qazaxıstanın əsas və ikinci yığması, Belarus millisi, Rusiyanın “Uraloçka” və Çinin “Lyaonin” klublarıdır.
Qeyd edək ki, iyunun 29-da başa çatacaq turnirdən Ukrayna millisi də imtina etmişdir. Onlar bunu Avropa çempionatına hazırlıqla əlaqələndirmişdi.