Azərbaycan Misirdə keçirilən Qaz İxracatçısı Ölkələrin Forumunun nazirlər səviyyəsində iclasında təmsil olunub
Qahirə, 25 oktyabr, AZƏRTAC
Azərbaycanın energetika nazirinin müavini Qahirədə keçirilən Qaz İxracatçısı Ölkələrin Forumunun (GECF) nazirlər səviyyəsində iclasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, iclasa sədrlik edən Misirin neft və mineral ehtiyatlar naziri Tariq Molla GECF ölkələrinin qaz ehtiyatları, hasilatın artırılması və ixracatın tənzimlənməsi, qaz yataqlarının istismarının ətraf mühitə təsiri məsələlərinə xüsusi diqqət yetirdiklərini bildirib. O əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı, xüsusən qış mövsümü ərəfəsində bir çox ölkələr enerji böhranı ilə üzləşib. Qlobal qaz ehtiyatlarının 72 faizi, boru kəmərləri vasitəsilə ixracatın isə 55 faizinə malik olan GECF ölkələri böhranın həlli məqsədilə bir çox istehlakçı dövlətlər və şirkətlərlə yeni sazişlər imzalayır. Lakin, uzunmüddətli enerji sabitliyini təmin etmək üçün qaz sektoruna daha çox investisiyalar qoyulmalıdır.
İclasda çıxış edən GECF-in baş katibi Mohamed Hamel Forumun qaz ixracatçısı olan ölkələr arasında daha sıx əlaqələrin yaradılması, həmçinin informasiya mübadiləsi istiqamətində fəaliyyətindən bəhs edib. O bildirib ki, yeni şərait istehlakçı və hasilatçı ölkələr arasında daha çevik koordinasiya qurulmasını tələb edir. Eyni zamanda, qaz bazarında sabitliyin təmin edilməsi siyasi məsələlərlə bağlı olmamalıdır.
Sonda GECF ölkələrinin daimi və müşahidəçi üzvlərinin nazirlərinin birgə yekun bəyanatı qəbul olunub.
Qeyd edək ki, Əlcəzair, Misir, Rusiya, İran, Boliviya, Qətər, Nigeriya, Venesuela, Ekvatorial Qvineya, Liviya, Trinidad Tobaqo 2001-ci ildə təsis olunmuş GECF-in daimi üzvləridir. Bundan başqa, Azərbaycan, İraq, Norveç, Peru, BƏƏ, Anqola, Mozambik və Malayziya Forumda müşahidəçi statusa malikdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə