Azərbaycan nefroloqlarının beynəlxalq uğuru
Bakı, 3 aprel, AZƏRTAC
Türkiyədə Dünya Transplantologiya Cəmiyyətinin (TTS) I Regional görüşü keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə dünyanın 20 ölkəsindən, o cümlədən Azərbaycan da daxil olmaqla ABŞ, İngiltərə, Kanada, Yaponiya, Avstraliya, İspaniya, Braziliyadan dəvət olunan aparıcı mütəxəssislər iştirak edib.
TTS-nin prezidenti, I Regional görüşün təşkilatçısı professor Mehmet Haberal dünyada böyrək çatışmazlığı problemlərinin həlli yollarından və orqan transplantasiyasının vəziyyətinə dair məsələlərdən danışıb.
Tədbirdə ölkəmizi Azərbaycanı respublikanın baş nefroloqu Fariz Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. F.Babayev Azərbaycanda nefrologiya, xroniki böyrək çatışmazlığı və transplantologiya sahəsində görülən işlər, qazanılan nailiyyətlər haqqında məlumat verib. Bildirilib ki, son 15 ildə ölkəmizdə “Xroniki Böyrək Çatışmazlığı” haqqında Dövlət proqramı qəbul edildikdən sonra Bakı və regionları əhatə etməklə 50-yə yaxın hemodializ mərkəzi yaradılıb. 3700-ə qədər xəstə dövlət hesabına dializ müalicəsi ilə təmin olunub. 2008-ci ildən başlayaraq orqan transplantasiyası sahəsində də bir sıra uğurlar əldə olunub. Hazırda ölkəmizdə 762 böyrək, 101 qaraciyər nəql edilmiş xəstə qeydiyyatdadır. Yalnız 2018-ci il ərzində Azərbaycanda 89 uğurlu böyrəkköçürmə əməliyyatının həyata keçirildiyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
F.Babayev öz çıxışında ölkədə böyrək çatışmazlığı və orqan nəqli problemlərinə dövlətin nəzarətinin daha da artırıldığı bildirib. Qeyd edib ki, xəstələrin dərman təminatı ilə yanaşı hər il yeni dializ mərkəzləri yaradılır. Ölkəmizdə orqanların köçürülməsi haqqında yeni qanun layihəsi hazırlanıb və demək olar ki, başa çatmaq üzrədir.