“AZƏRBAYCAN” NƏŞRİYYATINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 14-də “Azərbaycan” nəşriyyatında xalqımızın dahi rəhbəri, müstəqil dövlətimizin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin açılış mərasimi olmuşdur.
Abidənin üzərindən ağ örtük götürülmüş, önünə əklil və gül dəstələri qoyulmuşdur.
Mərasimdə Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək, ulu öndərimiz, qüdrətli tarixi şəxsiyyət Heydər Əliyevin böyük xilaskarlıq rolundan bəhs etmişdir.
1988-1992-ci illərdə ölkəmizdə baş verən hərc-mərcliyi xatırladan Ə.Həsənov 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qaydışından sonra respublikamızın düçar olduğu böhrandan xilas edildiyini, qardaş qırğınının qarşısının alındığını bildirmişdir.
Son 15 ildə Azərbaycanın iqtisadiyyatında, təhsilində, mədəniyyətində və digər sahələrində mühüm nailiyyətlər əldə olunduğunu qeyd edən Ə.Həsənov bütün bu nailiyyətlərin ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafına daim böyük önəm verdiyini, dahi rəhbərimizin siyasətinin ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayan Ə.Həsənov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov müdrik siyasi xadim Heydər Əliyevin Vətən və xalq qarşısındakı böyük xidmətlərindən danışmışdır. Bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyev bütün həyatını və fəaliyyətini doğma xalqının səadətinə həsr etmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının qəlbində özünə möhtəşəm və əbədi abidə ucaltdığını diqqətə çatdıran natiq, dahi rəhbərimizin nurlu ideyalarının daim yaşayacağını söyləmişdir.
Nəşriyyatın direktoru Ağabəy Əsgərov ulu öndərimiz Heydər Əliyevin mətbuatımıza göstərdiyi böyük diqqət və qayğıdan bəhs etmiş, Heydər Əliyev siyasi irsinin əhəmiyyətini vurğulamışdır.
######
