AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ “RİA NOVOSTİ” AGENTLİYİNDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 85 illiyi ilə əlaqədar yubiley şənliklərində iştirak etmək üçün Moskvada səfərdə olan, Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti mayın 15-də Rusiyanın “RİA Novosti” Beynəlxalq İnformasiya Agentliyində olmuşdur.
“RİA Novosti”nin baş redaktoru Svetlana Mironyuk ilə görüşdə Rusiya ilə Azərbaycan arasında informasiya sahəsində əməkdaşlığın genişləndirilməsindən söhbət getmişdir. Agentliyin rəhbəri “RİA Novosti” üçün Azərbaycan dilini bilən peşəkar jurnalist kadrları hazırlanmasının vacibliyini və əhəmiyyətini vurğulamışdır.
Ramiz Mehdiyev Azərbaycanda çıxan rusdilli qəzetlər və informasiya agentlikləri üçün jurnalistlərin ixtisas səviyyəsinin artırılması sahəsində Azərbaycan KİV-ləri ilə “RİA Novosti” arasında əməkdaşlığın dərinləşdirilməsi arzusunu bildirmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvləri agentliklə tanışlıqdan sonra “RİA Novosti”nin texnoloji təchizatının yüksək səviyyədə olmasını, orada informasiya ilə işləmək üçün ən müasir imkanlar yaradılmasını qeyd etmişlər. Ramiz Mehdiyev bildirmişdir ki, hazırda “RİA Novosti” multimedia jurnalistikasının tətbiqi sahəsində Rusiya KİV-ləri arasında aparıcı mövqe tutur.