AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ TÜRKİYƏDƏ BEYNƏLXALQ TOPLANTILARDA FƏAL İŞTİRAK ETMİŞLƏR
“Dialoq Avrasiya” platformunun (təşkilatının) Antalyada keçirilən 7-ci ümumi iclası “KİV-lərin Avrasiya dialoqunda rolu” mövzusuna həsr olunmuşdu. Ümumi iclasın açılışında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq yazıçısı Elçin, Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, “Dialoq Avrasiya”nın Azərbaycan şöbəsinin rəhbəri, Milli Məclisin deputatı, MEA-nın müxbir üzvü Nizami Cəfərov çıxış etmişlər. 14 ölkədən olan iştirakçılar arasında Milli Məclisin deputatları Rəbiyyət Aslanova, İsa Həbibbəyli, Fəttah Heydərov, alimlərimiz, yazıçılarımız, ictimai xadimlərimiz və jurnalistlərimiz də vardı.
“Saman yolu” televiziyası jurnalist Qulu Məhərrəmli, Anar, Elçin, Əli Həsənov və Nizami Cəfərovla geniş müsahibə təşkil etmişdir.
Ümumi iclas yekun bəyanatı qəbul etmiş, Rusiya Elmlər Akademiyası Şərqsünaslıq İnstitutunun direktoru, professor Rostislav Rıbakov növbəti iki il müddətinə platformun sədri seçilmişdir.
Xatırladaq ki, “Dialoq Avrasiya” təşkilatı 2000-ci il mayın 5-də İstanbulda yazıçıların, alimlərin, ictimai xadimlərin, jurnalistlərin qurultayında təsis olunmuşdur. Onun məqsədi region ölkələrinin (əsasən, Türkiyə və keçmiş sovet respublikaları) ədəbi, elmi, mənəvi əlaqələrini möhkəmləndirmək, bir-birini daha yaxşı tanıması üçün fəaliyyət göstərmək, mədəniyyətlər, dinlər arasında dialoq qurmaqdır. Təşkilat türk və rus dillərində “DA. Dialoq Avrasiya” adlı jurnal nəşr edir. İlk sədri Azərbaycanın xalq yazıçısı Anar seçilmiş və dörd il bu vəzifəni icra etmişdir. 2004-cü ildə növbəti iki il müddətinə sədrliyə Türkiyə tarixçisi İlbər Ortaylı seçilmişdir. Anar isə o vaxtdan təşkilatın fəxri sədridir.
İzmir vilayətinin Çeşmə şəhərində təşkil olunmuş Türk dünyası birinci beynəlxalq mədəniyyət qurultayı da uğurlu keçmişdir. İzmirdəki Egey Universitetinin Türk Dünyası Araşdırmalar İnstitutunun təşəbbüsü ilə keçirilən qurultayda 35 ölkədən 300-dən artıq nümayəndə iştirak etmişdir.
Qurultayın açılışında İnstitutun direktoru, professor Fikrət Türkmən, İzmir valisi, Egey Universitetinin rektoru və Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış etmişlər.
Sonra qurultay işini bölmələrdə davam etdirmişdir. Azərbaycan alimləri – MEA-nın müxbir üzvləri Ağamusa Axundov, Tofiq Hacıyev, professorlar Kamal Abdulla, Cəlil Nağıyev, Firudin Cəlilov, Qüdrət İsmayılzadə və Rafiq İsmayılovun da müxtəlif mövzularda məruzələri dinlənilmişdir. Qurultayın bağlanışında Anarın və Ağamusa Axundovun da çıxışları olmuşdur.
Anar TRT İNT və TRT 1 televiziya kanalları ilə də çıxış etmişdir.
Türk Dünyası Araşdırmalar İnstitutu Azərbaycan ədəbiyyatına da böyük maraq göstərir. İnstitutun dosenti Əli Erol ədəbiyyatımızın klassiki Abdulla Şaiq haqqında tədqiqat aparmış, ayrıca kitab nəşr etdirmişdir. Kitabda A.Şaiqin həyat və yaradıcılığından bəhs olunur, əsərlərindən seçmələr verilir. Egey Universitetinin məzunu Ayşə Atayın Anarın yaradıcılığı haqqında müdafiə etdiyi dissertasiya işi də kitab şəklində nəşrə hazırlanır. Universitetin “Türk dünyası incələmələri dərgisi”ndə Anarın Los-Ancelesdə (ABŞ) çıxan jurnaldan götürülmüş “Azərbaycandakı əlifba islahatının tarixi barədə şəxsi düşüncələr” adlı essesi türk dilinə tərcümə olunaraq dərc edilmişdir.