AZƏRBAYCAN NÜMAYƏNDƏSİ AVROPA ŞURASININ MƏDƏNİYYƏT ÜZRƏ RƏHBƏR KOMİTƏSİNİN BÜRO ÜZVÜ SEÇİLMİŞDİR
Mayın 5-6-da Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin iclası keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda ölkəmiz nazir müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Tədbirdə Avropa Şurasının mədəniyyət nazirlərinin Bakıda keçiriləcək konfransı, regional proqramlar (Kiyev təşəbbüsü, Cənub-Şərqi Avropa regional proqramları) və digər məsələlər müzakirə edilmişdir.
Müzakirələrdə Bakı konfransına xüsusi diqqət yetirilmişdir. Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer konfransın təşəbbüskarı olan Azərbaycan hökumətinə təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Azərbaycanın geosiyasi vəziyyəti, Avropa və islam sivilizasiyalarının fəal üzvü olması ona sivilizasiyalar arasında körpü rolu oynamağa imkan verir. Robert Palmer demişdir ki, Avropa Şurasının mədəniyyət nazirlərinin Bakıda keçiriləcək konfransı ilə müasir beynəlxalq mədəni proseslərdə yeni bir təşəbbüsün - “Bakı prosesi”nin əsası qoyulacaqdır.
Avropa Şurasının təhsil, mədəniyyət, gənclər və idman üzrə baş direktoru xanım Battaini Draqoni də belə bir xoşməramlı təşəbbüsə və bu istiqamətdə fəaliyyətinə görə Azərbaycan hökumətinə təşəkkür etmişdir.
Konfransın Bakıda keçirilməsinə dair Azərbaycanın təşəbbüsünü Avropa Şurasının üzvü olan dövlətlər - Almaniya, Macarıstan, İngiltərə, Avstriya, İtaliya, İspaniya, Yunanıstan, Gürcüstan, Türkiyə, Finlandiya, Bolqarıstan və başqaları dəstəkləmiş, bu tədbirin beynəlxalq əməkdaşlığa böyük töhfə olacağını vurğulamışlar. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan hökuməti adından Avropa Şurası rəsmilərinə və üzv dövlətlərin nümayəndələrinə təşəkkür edərək iclas iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən böyük islahatlar və görülmüş işlər barədə məlumat vermişdir. S.Məmmədəliyeva vurğulamışdır ki, Azərbaycan Avropa Şurasının İSESKO-ya da üzv olan yeganə təmsilçisidir. Bu, Azərbaycanın sivilizasiyalar arasında körpü rolunu oynaya biləcək dövlət olmasını bir daha sübut edir.
Avropa Şurasının baş katibi Terri Devis Bakı konfransında iştirak etməyə razılıq vermişdir.
İclasda Avropa Şurası Mədəniyyət üzrə Rəhbər Komitəsinin sədr, nüavin və altı üzvdən ibarət bürosuna seçkilər keçirilmişdir. Sevda Məmmədəliyeva yekdilliklə 2008-2010-cu illər üçün büronun üzvü seçilmişdir.