SİYASƏT
Azərbaycan ombudsmanı Tailandda keçiriləcək beynəlxalq tədbirlərdə iştirak edəcəkdir
Bakı, 30 mart (AZƏRTAC). Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova aprelin 3-dən 6-dək Tailandın paytaxtı Bankok şəhərində keçiriləcək beynəlxalq seminar və treninqdə iştirak edəcəkdir.
Beynəlxalq Ombudsmanlar İnstitutu və Asiya Ombudsmanlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirlər Tailand Ombudsman İnstitutunun yaradılmasının 13-cü ildönümünə həsr olunmuşdur.
Avropa və Asiya ölkələrindən insan hüquqları üzrə tanınmış beynəlxalq ekspertlərin, ombudsmanların və digər nümayəndələrin iştirak etdiyi beynəlxalq tədbirlərdə insan hüquqlarının müxtəlif aspektləri ilə bağlı mövzularda məruzələr dinləniləcəkdir.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, E.Süleymanova çıxışında Azərbaycanda insan hüquqlarının təmin olunması və Ombudsmanın bu istiqamətdə fəaliyyəti barədə ətraflı məlumat verəcəkdir.
İnsan hüquqları üzrə müvəkkil səfər çərçivəsində xarici həmkarları ilə təcrübə və fikir mübadiləsi aparacaq, gələcək əməkdaşlığın perspektivlərini müzakirə edəcəkdir.