AZƏRBAYCAN OMBUDSMANI VARŞAVADA BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏKDİR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova mayın 15-də Varşavada Dünya İnsan Hüquqları Bəyannaməsinin 60 illik yubileyi və Polşa Ombudsman İnstitutunun yaradılmasının 20-ci ildönümü münasibətilə keçiriləcək beynəlxalq konfransda iştirak edəcəkdir.
Beynəlxalq tədbirdə Polşa Respublikasının Prezidenti Lex Kaçınskinin, ölkə Seyminin və Senatının rəhbərlərinin iştirakı gözlənilir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, konfransda milli insan hüquqları təsisatlarının nümayəndələri təmsil etdikləri ölkələrdə insan hüquqları sahəsində mövcud problemlər barədə məlumat verəcək, həmkarları ilə təcrübələrini bölüşəcəklər.
Azərbaycan Ombudsmanı ölkəmizdə insan hüquq və azadlıqlarının təmini istiqamətində görülən işlər barədə məlumat verəcəkdir. O, bu il ölkəmizdə 18 İyun - İnsan Hüquqları gününün ilk dəfə olaraq geniş miqyasda qeyd ediləcəyini diqqətə çatdıracaqdır.
E.Süleymanovanın Varşavaya bundan əvvəlki səfəri zamanı Azərbaycan və Polşa Ombudsman institutları arasında insan hüquqları sahəsində davamlı əməkdaşlıq məqsədilə ikitərəfli müqavilə imzalanmışdır. Səfər zamanı bu müqavilənin icrası vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunacaqdır.