AZƏRBAYCAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ SANKT-PETERBURQDA SƏFƏRDƏDİR
Xəbər verildiyi kimi, komissiyaların işində Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini Rövşən Rzayev və iqtisadi siyasət daimi komissiyasının sədr müavini Azər Əmiraslanov iştirak etmişlər. Komissiyalarda MDB-yə üzv ölkələr üçün böyük əhəmiyyətə malik olan qanun layihələri müzakirə olunmuşdur. Bunlar əsasən “Banklar və bank fəaliyyəti haqqında”, “Əmlak vergisi haqqında”, “Torpaq vergisi”, “Dövlət rüsumu”, “Qarşılıqlı sığorta cəmiyyətləri haqqında” model qanun layihələri idi. Diqqətəlayiq hal odur ki, Azərbaycan tərəfinin həmin qanun layihələri ilə bağlı təklifləri nəzərə alınmışdır. Bu, beynəlxalq təşkilatlarda Azərbaycanın fəallığını və ölkəmizin həmin qurumlarda nüfuzunun artdığını təsdiqləyən başlıca amillərdəndir.
Noyabrın 16-da MDB Parlamentlərarası Assambleyası öz işinə Tavriya sarayında Parlamentlərarası Assambleya Şurasının iclası ilə başlamışdır. İclasda Parlamentlərarası Assambleyanın növbəti iclası ilə bağlı nəzərdə tutulan bütün məsələlər müzakirə olunaraq qəbul edilmişdir. Gündəlikdəki məsələlərdən biri MDB Parlamentlərarası Assambleyası nümayəndələrinin Azərbaycan Respublikası Milli Məclisinə təkrar seçkilərdə müşahidəçi qismində iştirakı ilə bağlı idi. Milli Məclisə keçirilən təkrar seçkilər iclasda yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda mühüm siyasi aksiya olan seçkilərə yüksək səviyyədə diqqət yetirilir və bu məsələdə ölkəmizdə demokratiyanı uğurla inkişaf etdirən dövlətimizin başçısı İlham Əliyevin böyük rolu vardır.
Şuranın iclası başa çatdıqdan sonra MDB Parlamentlərarası Assambleyasının 27-ci ümumi iclası olmuşdur. İclasdan sonra mətbuat konfransı keçirilmiş, parlament sədrləri jurnalistlərin suallarına cavab vermişlər.
Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistan parlament sədrlərinin görüşü isə qapalı keçmişdir. Görüşdən sonra Rusiya Federasiya Şurasının sədri S.Mironov qısa bəyanatla çıxış edərək bu cür görüşlərin faydalı olduğunu və belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulamışdır.