AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BP ŞİRKƏTİNİN VİTSE-PREZİDENTİ ENDRYU İNQLİSİ QƏBUL ETMİŞDİR
Ölkəmizə səfərindən məmnunluğunu bildirən qonaq Azərbaycanda neft sənayesinin, energetika sektorunun davamlı inkişaf etdiyini və bu sahədə böyük uğurlar əldə olunduğunu vurğuladı. “Şərqi Azəri” yatağında on gün bundan əvvəl neft hasilatına başlandığını söyləyən cənab Endryu İnqlis “Şahdəniz” layihəsinin tezliklə başa çatacağını mühüm uğur kimi dəyərləndirdi. O, təmsil etdiyi şirkətin Azərbaycanla əlaqələrinin bundan sonra da uğurla davam edəcəyini bildirdi.
Azərbaycanın yanacaq-energetika sektorunda qısa müddətdə çox böyük irəliləyişin, inkişafın baş verdiyini xatırladan Prezident İlham Əliyev “Azəri-Çıraq-Günəşli” yataqlarında neft hasilatının yüksək həddə yaxınlaşmasını mühüm hadisə kimi dəyərləndirdi. “Şahdəniz” yatağında görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı bütün bunların xarici şirkətlərlə, o cümlədən bp şirkəti ilə ölkəmizin on ildən çox davam edən uğurlu əməkdaşlığının gözəl nəticəsi olduğunu bildirdi.