AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BRAZİLİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Prezident sarayında Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çezario Melantonio Netonun etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Çezario Melantonio Neto etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə səmimi söhbət etdi.
Söhbət zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsinin tərəflər üçün faydalı olacağı vurğulandı. Bildirildi ki, gələcəkdə ayrı-ayrı sahələr üzrə əməkdaşlığın dərinləşməsi nəticəsində ölkələrimiz arasında əlaqələr daha da inkişaf edəcəkdir.