AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DAĞISTAN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Prezident sarayında Dağıstan Respublikası Prezidentinin müşaviri Səid Qurbanovu, Dərbənd rayon Administrasiyasının başçısı Qurban Qurbanovu və Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Məhəmməd Qurbanovu qəbul etmişdir.
Xalqımızın ümummilli liderinin vəfatının ildönümü ilə əlaqədar dərin hüznlə başsağlığı verən Səid Qurbanov ulu öndər Heydər Əliyev ilə uzun illər şəxsi dostluq münasibətlərini xatırladaraq, onunla keçirdiyi çoxsaylı görüşləri heç vaxt unutmadığını bildirdi. Ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini vurğulayan qonaq müasir müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyevin ideyalarının Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirildiyini söylədi.
Dərin hüznlə başsağlığına görə Səid Qurbanova minnətdarlıq edən dövlətimizin başçısı onun ümummilli liderimiz Heydər Əliyev ilə uzun illər davam etmiş dostluq münasibətlərini yaxşı xatırladığını bildirdi və bu dostluğa görə bir daha təşəkkür etdi.