AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KANADANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Prezident sarayında Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İv Brodeurun etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
İv Brodeur etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Sonra Prezident İlham Əliyev İv Brodeurla səmimi söhbət etdi və onu səfir təyin olunması münasibətilə təbrik etdi, Kanada ilə Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində səmərəli işlər görülməsinin vacibliyini söylədi.
Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf edəcəyinə və daha da genişlənəcəyinə əminlik vurğulandı.
Səfir etimadnaməsini qəbul etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi ki, Azərbaycanın Kanadada səfirliyinin açılması ikitərəfli əməkdaşlığın inkişafına xidmət edir. O qeyd etdi ki, Kanada Azərbaycanla münasibətlərin daha da genişlənməsində maraqlıdır.