AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV LATVİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Mihail Popkovs Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək dedi:
-Zati-aliləri, hörmətli cənab Prezident!
Bu gün ənənəvi məktubları Sizə təqdim etmək və Latviya Respublikasının Azərbaycanda ilk səfiri olmaq mənim üçün çox böyük şərəfdir. Sizi əmin etmək istəyirəm ki, Latviyanın Azərbaycanda diplomatik missiyasının başçısı kimi ölkələrimiz arasında ən müxtəlif sahələrdə əsil dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Dövlətimizin başçısı səfirlə və diplomatik nümayəndəliyin əməkdaşları ilə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi, son vaxtlar ölkələrimiz arasında münasibətlərin geniş formatda inkişaf etdiyini razılıqla vurğuladı, Azərbaycanın Baltikyanı ölkələr arasında ilk diplomatik nümayəndəliyini Latviyada açmasını, dövlət başçılarının qarşılıqlı səfərlərini əməkdaşlığa təkan verən amillər kimi qiymətləndirdi. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, yeni səfir bu əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəkdir.
Səfir Mihail Popkovs Latviya Prezidenti Vayra Vike-Freyberqanın səmimi salamlarını Prezident İlham Əliyevə çatdırdı, ölkələrimiz arasında sürətlə inkişaf etməkdə olan əməkdaşlığa töhfə verəcəyini söylədi.
Prezident İlham Əliyev onun da səmimi salamlarını Latviyanın dövlət başçısına çatdırmağı səfirdən xahiş etdi.