AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MADAQASKARIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Prezident sarayında Madaqaskar Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alfonse Maksim Dovonun etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Alfonse Maksim Dovo etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə səmimi söhbət etdi.
Səfir onun etimadnaməsini qəbul etdiyinə görə Madaqaskar dövləti, hökuməti və öz adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi, ölkəsinin Azərbaycanla əlaqələr yaradılmasına böyük maraq göstərdiyini söylədi. O dedi ki, Azərbaycanda səfir kimi çalışdığı müddətdə bu işə xidmət edəcəkdir.
Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzuladı.