AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PAKİSTANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Cavid Qureyşi Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi və bundan şərəf duyduğunu söylədi.
Dövlətimizin başçısı səfirlə və Pakistanın diplomatik nümayəndəliyinin əməkdaşları ilə xatirə şəkli çəkdirdi.
Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini bildirdi, eyni zamanda, beynəlxalq təşkilatlarda Azərbaycan ilə Pakistanın sıx əməkdaşlığını vurğuladı. Azərbaycan Prezidenti Dağlıq Qarabağ və Kəşmir məsələlərində iki dövlətin bir-birinin mövqeyini dəstəklədiyini razılıq hissi ilə qeyd etdi.
Dövlətimizin başçısı yeni səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik etdi.
Səfir Cavid Qureyşi Pakistan-Azərbaycan strateji əməkdaşlığına töhfə verəcəyini söylədi, Prezident Pərviz Müşərrəfin səmimi salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Azərbaycan Prezidenti İlham Əliyev də onun salamlarını Pakistanın dövlət başçısına çatdırmağı səfirdən xahiş etdi.