AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏNİ QƏBUL ETMİŞDİR
Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 15-də keçirilmiş seçkilərdə əksəriyyət səs çoxluğu ilə qalib gəlməsi və Prezident kimi fəaliyyətə başlaması münasibətilə İlham Əliyevi səmimiyyətlə təbrik etmişdir. Qafqaz Müsəlmanları İdarəsinin sədri demişdir ki, builki seçkilərdə yüksək fəallıq göstərən vətəndaşlarımız xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya başçılıq etdiyi son on ildə ölkəmizdə bərqərar olunmuş ictimai-siyasi sabitliyə, iqtisadi tərəqqiyə, bu xəttin gələcəkdə də davam etdirilməsinə səs vermişlər.
Şeyxülislam əmin olduğunu vurğulamışdır ki, xalqımızın müdrik oğlu Heydər Əliyev məktəbinin ən layiqli davamçısı olan İlham Əliyev Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi, ölkəmizin iqtisadi qüdrətinin artması, beynəlxalq aləmdə nüfuzunun getdikcə yüksəlməsi, respublikamızın ən ağrılı və çətin probleminin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımız çərçivəsində sülh yolu ilə həlli üçün bütün səylərini, qüvvə və bacarığını əsirgəməyəcəkdir.
Hacı Allahşükür Paşazadə daha sonra Prezident İlham Əliyevi mübarək Ramazan ayı münasibətilə təbrik etmiş, Ulu Tanrıdan ona çətin və məsul işində böyük uğurlar arzulamışdır.
Şeyxülislam görüşdən xatirə olaraq Prezident İlham Əliyevə Quran hədiyyə etmişdir.
Prezident İlham Əliyev xoş sözlərə və səmimi təbriklərə görə təşəkkür edərək demişdir ki, yüksək dövlət vəzifəsində xalqın etimadını doğruldacaq, Heydər Əliyevin alternativsiz siyasətini davam və inkişaf etdirəcək, dini və milli mənsubiyyətindən, siyasi baxşılarından asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşının Prezidenti olacaqdır.