AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SLOVAKİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Prezident sarayında Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqustin Çisarın etimadnaməsini qəbul etmişdir.
Auqustin Çisar Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir öz etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə səmimi söhbət etdi, ona fəaliyyətində uğurlar arzuladı.
Söhbət zamanı ölkələrimiz arasında mövcud əlaqələrin uğurla inkişaf etdiyi və gələcəkdə müxtəlif səviyyələrdə əməkdaşlığın daha da genişlənəcəyinə əminlik vurğulandı.
Auqustin Çisar Azərbaycanda dinamik inkişafın əldə olunduğunu qeyd etdi.